Bakı. Trend:
2024-cü ildə Trans-Adriatik Qaz Kəməri (TAP) proqnoz göstəriciləri ilə müqayisədə metan tullantılarını 55% azaldıb.
Trend TAP AG istinadən xəbər verir ki, bunu TAP-ın keyfiyyət, sağlamlıq, təhlükəsizlik, ekologiya, torpaq münasibətləri, icazə sənədləri və maraqlı tərəflərlə qarşılıqlı əlaqə üzrə baş meneceri Xose de la Torre Qalyeqos bildirib.
Qalyeqos Amsterdamda “Methane Mitigation Europe” sammiti çərçivəsində keçirilən “Müvafiqlik qiyməti: tullantıların ixtisarı üzrə iqtisadi səmərəli strategiyaların və enerji keçidi planlarının tətbiqi” mövzusunda panel müzakirəsində çıxış edib.
Müzakirə zamanı o, TAP-ın Avropa İttifaqının metan tullantıları haqqında yeni reqlamentinin tətbiqi üzrə strategiyasını təqdim etdi. Sözügedən sənəddə tükənən yanacaq sektorunda tullantıların monitorinqi, hesabatlılığı və yoxlanılması üzrə ciddi tələblər təsbit olunub.
“2024-cü ildə TAP proqnozla müqayisədə metan tullantılarını 55% azaldıb. “Əməliyyat səmərəliliyin daim optimallaşdırılması və emissiyaların azaldılması üzrə əlavə təşəbbüslərin hazırlanması sayəsində TAP öz karbon izini minimuma endirmək öhdəliyinə sadiq qalır, eyni zamanda əməliyyatlarının etibarlılığını və dayanıqlılığını təmin edir",- deyə de la Torre vurğulayıb.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 878 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
X: @Lyaman_Zeyn