Bakı. Trend:
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) operatoru - ICGB biomüxtəliflik təşəbbüsünün bir hissəsi olaraq 30 000 ting əkəcək.
Trend xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Beynəlxalq Meşələr Günü münasibətilə ICGB Yunanıstanda böyük meşə-bərpa proqramına başlamaqla biomüxtəlifliyin qorunması və ətraf mühitin bərpası üçün tədbirlər görür. Davamlı inkişaf öhdəliyinin bir hissəsi olaraq şirkət iki əsas ərazidə - qaz kəməri marşrutu boyunca və meşə təsərrüfatı orqanları tərəfindən kompensasiyalı yaşıllaşdırma üçün xüsusi ayrılmış ərazidə 30 000 ting əkəcək", - şirkətdən bildirilib.
ICGB öz əməliyyatlarına məsuliyyətli ekoloji təcrübələri daxil etməklə daha davamlı və ekoloji cəhətdən təmiz gələcəyə töhfə verməyə davam edir.
Qeyd edək ki, IGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsi sayılır. Qaz kəməri yeni, şaxələndirilmiş mənbələrdən olan təbii qaza çıxışı təmin edərək, regionda enerji bağlılığını və təhlükəsizliyini möhkəmləndirir.
Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir, genişlənmə potensialı isə illik 5 milyard kubmetrə qədərdir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizinə cavab verir və Moldova və Ukrayna kimi vacib bazarlara etibarlı marşrutu təmin edir.
X: @Lyaman_Zeyn