Bakı. Trend:
Braziliya iqlim prosesini danışıqlar formatından konkret fəaliyyət formatına çevirmək niyyətindədir və burada həmrəyliyə, innovativ idarəetməyə və ənənəvi təcrübələrin inteqrasiyasına xüsusi diqqət yetiriləcək.
Trend-in xəbərinə görə, bunu Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.
“Braziliya COP30-da əməkdaşlıq mühitini təşviq edəcək, çoxtərəfliliyin möhkəmləndirilməsinin vacibliyini və iqlim fəaliyyətlərinin insanların həyatı ilə əlaqəsini vurğulayacaq”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, əsas vəzifələr Paris sazişinin icrasının sürətləndirilməsi, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, adaptasiya və maliyyələşdirmə sahələrində fəaliyyətlərin gücləndirilməsi olacaq.