Bakı. Trend:
COP29 qadınların iqlim siyasətində və maliyyələşmədə iştirakının gücləndirilməsini təşviq edir.
Trend xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyətləri Həftəsi (BCAW2025) çərçivəsində çıxışı zamanı bildirib.
O vurğulayıb ki, qadınlar çox vaxt iqlim dəyişikliyinin kənd təsərrüfatı və su ehtiyatları problemlərindən sağlamlığa və məcburi köçkünlüyə qədər uzanan təsirlərinin ən ağır yükünü daşıyırlar .
COP29-un prezidentinin sözlərinə görə, qadınların iqlim strategiyalarının hazırlanmasında iştirakı bu sahədə siyasəti daha səmərəli edir, maliyyələşmənin əhatəsini genişləndirir və icmaların daha sürətli uyğunlaşmasına kömək edir. O qeyd edib ki, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri “heç kəsi geri qoymamaq” prinsiplərini tələb edir ki, bu da qadınların iqlim siyasətinin formalaşdırılmasında tam iştirakını və iqlim maliyyələşməsinə çıxışını nəzərdə tutur.
COP29-da gender məsələləri üzrə işin 10 il müddətinə uzadıldığı və qadınların iqlim fəaliyyətlərinə tam iştirakını təmin etmək məqsədilə yeni Fəaliyyət Planının razılaşdırıldığı bildirilib. Xüsusi diqqət qadınlar və qızlar üçün iqlim maliyyələşməsinə, texnologiyalara və təhsilə çıxışın təmin olunmasına, eləcə də qadınların — fermerlərdən və ictimai liderlərdən alimlərə və sahibkarlara qədər — biliklərinin iqlim həllərinin tapılmasında əsas resurs kimi tanınmasına yönəldilir.