Bakı. Trend:
Hazırda Azərbaycanda təxminən 15 milyard kubmetr təbii qaz istifadə olunur və bunun təqribən üçdə biri elektrik enerjisinin istehsalına sərf edilir.
Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA universitetində Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Azərbaycan "təmiz enerji" sahəsində bir sıra addımlar atmalıdır:
"Burada əsas məsələ, sözsüz ki, texnologiya və texnologiyanın qiyməti ilə əlaqədardır. Birincisi, bəzi sahələrdə ümumiyyətlə uyğun texnologiya hələ mövcud deyil və biz buna eksogen amil kimi baxmalıyıq. Biz texnologiya yaradan ölkələrin sırasında deyilik və bunu qəbul etmək lazımdır. Bu da ciddi problem sayılmamalıdır. Bu səbəbdən sözügedən məsələləri yalnız öz daxili imkanlarımızla, hətta bu gün bəhs etdiyimiz iqtisadi əməkdaşlıq təşkilatı çərçivəsində də qısa müddətdə tam həll etmək çətin olacaq. Bu istiqamətdə uzunmüddətli strateji məqsədlər müəyyən edilməlidir".
Nazir müavini vurğulayıb ki, "təmiz enerji" ilə bağlı ilə məsələ
maliyyə resurslarına olan ehtiyacdır: "Hesab edirəm ki, bizim
region və İqtisadi Əməkdaşlıq Təşkilatı bu proseslərə ciddi təkan
verə bilər.
Üçüncü mühüm məsələ isə hər mənada əməkdaşlıqdır. Məsələn,
Azərbaycanın özünəməxsus coğrafi mövqeyi var. Okeana çıxışımız
yoxdur və bu, müəyyən məhdudiyyətlər yaradır. Lakin elektrik
enerjisi istehsalı sahəsində vəziyyət bir qədər fərqlidir. Hazırda
Azərbaycanda təxminən 15 milyard kubmetr qaz istifadə olunur və
bunun təxminən üçdə biri elektrik enerjisinin istehsalına sərf
edilir.
Yəni biz təqribən 5 milyard kubmetr qazı sırf elektrik enerjisinin istehsalına yönəldirik ki, bu da bəzi Avropa ölkələrinin illik ümumi qaz istehlakından daha çoxdur. Elektrik enerjisi sahəsində “yaşıllaşma” o qədər də çətin deyil, çünki texnologiyalar mövcuddur. Lakin əsas problem enerji saxlanma sistemləridir. Bu sistemlər çox bahalıdır və batareyalar olmadan tam şəkildə günəş və külək enerjisinə keçid mümkün deyil. Digər alternativ isə qonşu ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir. Məsələn, Avropa İttifaqında bu model artıq tətbiq olunur və bu da yaşıl enerjiyə keçidi xeyli asanlaşdırır".
