Azərbaycan, Bakı, 22 may / Trend / Azərbaycanın mobil rabitə operatoru -"Azercell Telecom"un rəhbəri Halim Ateş "TeliaSonera" və "Turkcell" şirkətlərinin birgə müəssisəsi olan "Fintur Holdings B.V." şirkətinin əməliyyatlar üzrə Baş müdiri təyin olunub. Təşkilatdan verilən məlumata görə, Halim Ateş İstanbul şəhərində yerləşən yeni vəzifəsində, "Fintur Holdings B.V."-nin tabeçiliyində olan şirkətlərin bütün gündəlik kommersiya fəaliyyətinin idarə edilməsinə və həmçinin qrupda birgə fəaliyyətə məsul olacaq. O, "TeliaSonera"nın Avrasiya Biznes Sahəsinin prezidenti, "Fintur Holdings"in Baş icraçı direktoru və İdarə Heyətinin sədri Cənab Tero Kivisaariyə hesabat verəcək.
Yeni təyinatla yanaşı, Ateş eyni zamanda "Azercell Telecom" MMC-də 2006-cı il aprel ayından tutduğu prezident vəzifəsini də icra edəcək. Ateş 2004-2006-cı illər ərzində isə "Fintur Holdings"in Moldovadakı "Moldcell SA" rabitə operatorunun Baş direktoru vəzifəsində çalışıb. 1998-2002-ci illərdə "Türkcell"in və 2002-ci ildə "Fintur Holdings B.V."nin İnsan resursları şöbəsində çalışıb.
"Biz Halim Ateşlə artıq uzun illərdir ki, birlikdə işləyirik. O, bütün sahələrdə uğur əldə edib. Onun "Azercell" şirkətinə rəhbərlik etdiyi müddətdə şirkət ölkədəki liderliyini və 70%-dən artıq bazar payını qoruyub saxladı. Mən Halim Ateşi yenidən İstanbulda salamlayacağımdan çox məmnunam. Onun regiona bələdliyi və güclü liderlik bacarığı bizə Avrasiyanın lider kommunikasiya xidmətləri göstərən şirkəti olmaq məqsədimizə çatmaqda çox kömək edəcək", -deyə Kivisaari bildirib.
"Fintur Holdings B.V." - "TeliaSonera AB" və "Turkcell İletisim Hizmetleri AS" şirkətlərinin birgə müəssisəsidir. "Fintur Holdings B.V." Avrasiyanın inkişaf etməkdə olan ölkələrində - Azərbaycan ("Azercell"), Qazaxıstan ("K'Cell"), Gürcüstan ("Geocell") və Moldovada ("Moldcell") öz törəmə müəssisələri vasitəsilə geniş çeşidli rabitə xidmətləri göstərir, həmçinin "TeliaSonera" şirkətinin Tacikistan ("İndigo" və "Somocom") və Özbəkistandakı ("Coscom") törəmə müəssisələrinin idarəsini də həyata keçirir.
"Fintur" qrupuna daxil olan şirkətlərin əməkdaşlarının sayı 3 500 nəfərdir. Bu şirkətlərin illik ümumi gəliri 2007-ci ildə 1.5 milyard dollardan artıq olub.