Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbir S.Babayeva/ 2008 - ci ilin sonunadək dünyada mobil rabitə abunəçilərinin sayı 4 mlrd.-a çata bilər, Beynəlxalq Elektrorabitə İttifaqının (İTU) Baş katibi Hamadun Ture (Hamadoun Toure) cümə axşamı Nyu -Yorkda BMT- nin qlobal ərzaq böhranı və minilliyin məqsədlərinə nail olmaqda texnoloji innovasiyaların rolu forumunda bildirib.
Onun sözlərinə görə, 2000 -2008 - ci illərdə dünyada mobl rabitə abunəçilərinin sayının orta artımı 24 faiz olub. 2000 - ci ildə mobil rabitənin penetrasiyası 12 faiz təşkil edirdisə, 2008 -ci ilin əvvəlində o, 50 faizlik həddi ötüb. 2008- ci ilin sonunadək bu göstərici 61 faizə çatacaq.
"Aydındır ki, 2015-ci ildə minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün informasiya-kommunikasiya texnologiyalarının katalizator rolunu oynmaq potensialı var", - Ture bildirib.
Mobil rabitə abunəçilərinin sayının sürətlə artması, əsasən, dünyanın ən böyük bazarlarındakı hadisələrlə əlaqədar baş verir. Bu bazarlar Braziliya, Rusiya, Hindistan və Çindir. İlin sonunda bu ölkələrdə abunəçilərin sayı 1,3 mlrd. nəfər ola bilər.
Azərbaycanda üç GSM operatoru var və ölkədə mobil rabitə abunəçilərinin sayı 4,1 milyonu ötür.