...

Azərbaycan hökuməti 2010-cu ildə İKT sektorunun göstəricilərini açıqlayıb

Telekommunikasiya Materials 9 Mart 2011 16:00 (UTC +04:00)
2010-cu ildə Azərbaycanın rabitə müəssisələri tərəfindən rabitə sektoruna 110 milyon manatdan çox investisiya qoyulub.
Azərbaycan hökuməti 2010-cu ildə İKT sektorunun göstəricilərini açıqlayıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir H.Vəliyev/

2010-cu ildə Azərbaycanın rabitə müəssisələri tərəfindən rabitə sektoruna 110 milyon manatdan çox investisiya qoyulub. Bu barədə hökumətin ötən ilin yekunları üzrə hesabatında deyilir.

2010-cu ilin yekunları üzrə investisiyaların ümumi məbləğindən 79 milyon manat Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisə və birliklərinin payına düşüb.

2010-cu il ərzində rabitə və informasiya texnologiyaları sektoru üzrə göstərilən xidmətlərin həcmi 2009-cu ilin göstəriciləri ilə müqayisədə 29,7 faiz artaraq 1161,3 milyon manata çatıb. Sahə üzrə əldə edilən gəlirin 78,6 faizi qeyri-dövlət sektorlarına göstərilən rabitə xidmətlərinin payına düşüb.

Göstərilən rabitə xidmətlərinin məbləği 2004-cü ildən 2010-cu ilədək durmadan artıb. 2004-cü ildə bu göstərici 356,2 milyon manat, 2005-ci ildə 488,9 milyon manat, 2006-cı ildə 599,9 milyon manat, 2007-ci ildə 735,4 milyon manat, 2008-ci ildə 967,8 milyon manat, 2009-cu ildə 1081,9 milyon manat və 2010-cu ildə 1161,3 milyon manat olub.

Ötən ilin yekunları üzrə respublikanın telekommunikasiya şəbəkəsinin xeyli hissəsi elektron formaya salınıb. Uzunluğu 240 kilometr olan optik-lif magistral kabelin çəkilməsi başa çatdırılıb. Bu, yüksəksürətli xəttə respublikanın əksər rayonlarını qoşmağa imkan verib.

İnvestisiya layihələri hesabına respublika üzrə ümumi istifadəli telefon şəbəkəsinin montaj tutumu 71,9 mömrə artırılaraq 1,66 milyon ədədi ötüb.

2009-cu ildə hər 100 ailəyə 66,8 telefon aparatı düşürdüsə, 2010-cu ildə bu göstərici 67,3 ədədə çatıb. Bakı üzrə bu göstərici 130 ədəd, respublikanın digər əraziləri üzrə 47,3 ədəd təşkil edib.

Hər 100 nəfərin payına düşən kompüterlərin sayı ötən ilin yekunları üzrə 14 ədəd, internet istifadəçiləri isə 45 nəfər təşkil edib. Bunun 12 faizi genişzolaqlı isternet istifadəçisi olub.

"Bakı Ttelefon Rabitəsi" və "Aztelekom" istehsalat birliklərinin abonent bazası 2010-cu ilin əvvəlindən 3994 ədəd artaraq 27294 ədədə çatıb. 2010-cu ilin sonuna olan vəziyyətə görə, CDMA şəbəkəsi ilə respublikanın yaşayış məntəqələrinin 70 faizi əhatə olunub.

2010-cu ilin yekunları üzrə respublika üzrə mobil rabitənin nüfuz səviyyəsi 100 faizə çatıb. Ötən il ərzində mobil rabitə abonentlərinin sayı 1,2 milyon artaraq 8,9 milyona çatıb.

2010-cu ildə mobil rabitə sektoru üzrə əldə edilən gəlirin həcmi 2009-cu illə müqayisədə 30,2 faiz artaraq 782,6 milyon manata çatıb. Əldə edilən gəlirin ümumi həcmindən 73,6 faiz mobil rabitə sektorunun payına düşüb.

Hesabat dövrü ərzində informasiya texnologiyaları sektoru üzrə əldə edilən gəlirin həcmi 2009-cu illə müqayisədə 77,6 faiz artaraq 91,8 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti