Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/
2011-ci ildə Azərbaycanın telekommunikasiya xidmətlərindən əldə edəcəyi gəlirlərin 1,5 milyon manat səviyyəsində olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RRB üzvü olan ölkələrin sinxron uzun və orta dalğalarda səs yayımı şəbəkələrinin radiotezlik resurslarından istifadənin öyrənilməsi üzrə işçi qrupun yeddinci iclası çərçivəsində RİTN-nin Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov bildirib.
İclas bu gün Bakıda öz işinə başlayıb və oktyabrın 14-dək davam edəcək.
Məmmədovun sözlərinə görə, hazırda respublika əhalisinin 99,9 faizi teleradio yayımı xidmətləri ilə əhatə olunub.
"Cenevrə-06" planına uyğun olaraq, ilin sonunadək Azərbaycan əhalisinin 85 faizinin MPEG-4 rəqəmsal yayım standartı ilə əhatə olunması planlaşdırılır. Sahə rəhbərliyi qarşısına 2013-cü ildə ölkənin tam şəkildə rəqəmsal yayıma keçirilməsi məqsədi qoyulub", - o deyib.