Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Əliyev/
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də "Asan İmza Sim-kartı" və "Rəqəmsal ID kartı" üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi məqsədilə yaradılmış Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) may ayından etibarən fəaliyyətə başlayıb
Vergilər Naziriliyinin yaydığı məlumatda bildirilir ki, artıq nazirlik tərəfindən ASXM-in fəaliyyəti ilə bağlı səlahiyyətli şəxs müəyyən edilmiş və ona bir sıra hüquqlar verilib. Eyni zamanda, ASXM-in fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti vergi orqanı əməkdaşlarının siyahısı təsdiq edilib.
Məlum olduğu kimi, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri, Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv edilməsi qaydaları ilə bağlı normalar nəzərdə tutulub.
Qeyd edilən tələblərə əməl edilməsi, habelə tərəflər arasında (ASXM ilə müraciət edən şəxslər arasında) münasibətlərin düzgün tənzimlənməsi və ASXM tərəfindən Sertifikat xidmətlərinin təkmil formada göstərilməsi üçün bir sıra sənədlərin nümunəvi formaları (ərizə, müqavilə, bildiriş, etibarnamə, yaddaş formaları) hazırlanıb. Müvafiq sənəd formaları artıq Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilib.
Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi, ASAN xidmət mərkəzləri və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.