...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbər heyəti seçilib

Telekommunikasiya Materials 18 Sentyabr 2013 15:59 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası fondun gələcək fəaliyyətini formalaşdıran sənədləri öyrənməyi qərara alıb.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbər heyəti seçilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası fondun gələcək fəaliyyətini formalaşdıran sənədləri öyrənməyi qərara alıb. Bu barədə Trend-ə İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.

Onun sözlərinə görə, sənədlərin yaxın iki həftə ərzində təsdiqlənəcəyi gözlənilir.

Sənədlərdə banklar və Dövlət Fondu arasında müqavilələrin tərtib edilmə formaları, fond tərəfindən müvəkkil kredit təşkilatlarının seçim meyarları, həmçinin qrant müsabiqələrinin keçirilmə qayda və şərtləri ilə bağlı məsələlər yer alıb.

Y.Hacıyev deyib ki, Müşahidə Şurasının bu gün keçirilən ilk iclasında fondun rəhbər heyəti seçilib. Şuranın sədri vəzifəsinə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə seçilib. Nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov daha əvvəl fondun icraçı direktoru təyin edilmişdi. Nazirliyin həmin şöbəsinin məsləhətçisi Rauf Cabbarov fondun katibi təyin edilib.

Fondun Müşahidə Şurasının tərkibinə Rabitə və İnformasiya, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri, həmçinin bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.

Y.Hacıyev əmindir ki, Müşahidə Şurasının belə formatda heyəti nəzərə alınmaqla qərarın qəbulu prosesi çox demokratik və düzgün olacaq.

Fondun ilin sonunadək fəaliyyətə başlayacağı gözlənilir. Bu dövr ərzində ilk müsabiqənin keçirilməsi planlaşdırılıb, onun əsasında qrantlar ayrılacaq.

Müsabiqə keçirilərkən yeni innovasiya məhsulları, "yaşıl" texnologiyaların yaradılmasını nəzərdə tutan, həmçinin İKT və internetin inkişafı üzrə layihələrə üstünlük veriləcək.

Qrantın maksimum məbləği 300 min manat ola bilər. Kiçik qrantlar 10-100 min manat, orta qrantlar 100-200 min manat, iri qrantlar isə 200-300 min manat həcmində nəzərdə tutulub.

Fondun maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək üçün hər il audit keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti