...

"Azercell" bölgələrdə mobil rabitənin inkişafı strategiyasını uğurla davam etdirir

Telekommunikasiya Materials 4 Aprel 2014 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"Azercell" şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsi olaraq aprelin 4-dən etibarən Naxçıvan Muxtar Respublikasında yeni AzEks ofisini abunəçilərin ixtiyarına verib.

Şərur şəhəri, Kapitan Seyidov küçəsi, 1 ünvanında yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana biləcəklər. Belə ki, yeni AzEks ofisi hamı üçün rahat olan "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Qeyd edək ki, ölkənin lider mobil operatoru Azercell şirkətinin bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində yeni AzEks ofisləri, eyni zamanda sırf regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional "Bolge" tarifini tətbiq etmişdir.

Onu da vurğulamaq yerinə düşər ki, Azercell artıq bir neçə ildir ki, Naxçıvan MR-da əhəmiyyətli layihələr həyata keçirir. Ötən il Naxçıvan Dövlət Universitetində Tələbə Təqaüd Proqramının həyata keçirilməsinə başlanılıb. Azercell-in bu proqramı istedadlı tələbələrə aylıq 200 AZN məbləğində təqaüd almaq imkanını verir. Bundan əlavə, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 4G sınaq laboratoriyası istifadəyə verilib. Bu layihə universitetin 108 hektarlıq ərazisində 4 mindən artıq tələbəyə 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən faydalanmaq imkanını verir. Yeni açılan AzEks ofisi isə Naxçıvan sakinlərinin etibarlı rabitə ilə yanaşı, həm də rahat müştəri xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Şərurda açılan yeni ofis abunəçilərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti