Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/
Vergilər Nazirliyi (VN) ilə Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən aparılan birgə işlər sayəsində daha 5 elektron xidmət "Elektron hökumət" portalına inteqrasiya olunub və artıq portal üzərindən VN-in göstərdiyi elektron xidmətlərin sayı 59-a çatıb.
Trend-in şənbə günü MHM-ə istinadən verdiyi məlumata görə, portala inteqrasiya olunmuş yeni xidmətlər aşağıdakılardır:
- Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması;
- Büdcə rekvizitləri barədə məlumatın verilməsi;
- Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi;
- Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi;
- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı.
İstifadəçilər qeyd olunan xidmətlərdən autentifikasiyadan keçməklə faydalana bilərlər.
İstifadəçilərin nəzərinə çatdırırıq ki, VN-in müvəqqəti dayandırılmış iki xidməti də yenidən aktiv olunmuşdur. "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron ximətləri artıq vətəndaşların istifadəsinə verilib.
Beləliklə, "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron xidmətlərin sayı 405-ə çatdırılıb.