Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda ilk dəfə olaraq portativ kompüterlərin satışı stolüstü personal kompüterlərin (desktoplar) satışını üstələyib. Bu barədə Trend "Global Stats" statistik mərkəzinə istinadən məlumat verir.
"Global Stats"ın məlumatlarına görə, 2015-ci ilin yanvar-avqust aylarının yekunları üzrə desktopların satışı 20,3 faiz azalıb.
Sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda stasionar personal kompüterlər bazarının payı təqribən 46,9 faiz təşkil edib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə hesabat dövründə stolüstü personal kompüterlər bazarı 16,9 faiz azalıb.
Ölkədə 8 ayın nəticələri üzrə portativ kompüterlərin (noutbuklar, netbuklar) satışı 33,7 faiz artıb. 2015-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda portativ kompüterlər bazarının payı 48,3 faiz təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bazarın bu seqmenti 29,1 faiz artıb.
Reytinqdə 4,8 faiz payla üçüncü yeri planşet kompüterlər tutur. 2015-ci ilin yanvar-avqust aylarının yekunu üzrə bazarın bu seqmentinin payı 4,1 faiz, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə planşet qurğuların seqmenti 21,7 faiz azalıb.