Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda radioelektron vasitələrin qanunsuz istifadəsinin qarşısı alınıb.
Trend Dövlət Radiotezliklər İdarəsinə (DRİ) istinadən məlumat verir ki, Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi və Efirə radionəzarət şöbəsinin bölgələr üzrə efirə radionəzarət məntəqələrinin mühəndisləri tərəfindən 2015-ci ilin 9 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 455 akt tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 254 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 121-i möhürlənib, 36-sı qeydiyyata salınıb, 7-si silinib və 90 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 24 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.
1 oktyabr 2015-ci il tarixinə Dövlət Radiotezliklər İdarəsində 470 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70 istifadəçi dövlət, 329 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 40 istifadəçi isə fiziki şəxslərdir.
2015-ci ilin müvafiq dövrü ərzində 5444 ədəd REV DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48 672 ədəd təşkil edir.