Bakı. Trend:
Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, qurum tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər görülüb.
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, həmçinin, beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.
Həmçinin, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının lazımi mühafizəsi təmin edilib.
Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabel və 1000 ədəddən çox radiotezlik nominalı ayrılıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran Prisinə start verilib.
Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.