Bakı. Trend:
"VTB Azərbaycan" fərdi sahibkarlar üçün "AniPay" vasitəsilə QR kodla ödəniş xidmətini istifadəyə verdi.
Yeni xidmət sahibkarlara smartfon vasitəsilə QR‑kod yaratmaqla nağdşız ödəniş qəbul etməyə imkan verir. Müştəri QR kodu skan etdikdən sonra ödənişi təsdiqləyir və vəsait dərhal sahibkarın hesabına köçürülür.
Xidmət "VTB Azərbaycan"ın rəqəmsal ekosisteminə tam inteqrasiya olunub və məsafədən qoşulur ki, bu da kiçik biznes sahibkarları üçün prosesi maksimum rahat edir. Yeni həll "AniPay" vasitəsilə QR‑ödənişlərin tətbiq imkanlarını genişləndirir və ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün hesablaşmaları daha da sadələşdirir.
“Biz sahibkarlar üçün rəqəmsal ekosistemi ardıcıl şəkildə genişləndirir və təkmilləşdiririk, daha rahat, sürətli və əlçatan hesablaşma həlləri təqdim edirik. AniPay ilə inteqrasiya biznesə smartfon vasitəsilə ödənişləri qəbul etmək üçün əlavə imkanlar yaradır və müasir, effektiv xidmət modelini dəstəkləyir”, - deyə "VTB Azərbaycan" bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
"AniPay" (Ani Ödənişlər Sistemi - AÖS), Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış, fiziki şəxslər, biznes subyektləri və dövlət orqanları arasında 24/7 rejimində real vaxtda və təhlükəsiz pul köçürmələrini təmin edən sistemdir. Bu sistem vasitəsilə telefon nömrəsi, VÖEN, FİN kod və ya e-mail istifadə edərək saniyələr ərzində köçürmələr həyata keçirmək mümkündür.