Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin nümayəndələri Ümumdünya Poçt İttifaqının İnzibati Şurasının iclasında iştirak edəcək. Nazirliyin poçt şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə verdiyi məlumata görə, iclas oktyabrın 10-dan 21-nə kimi Berndə keçiriləcək.
Onun sözlərinə görə, Azərbaycan İnzibati Şuranın üzvü kimi iclasda fəal iştirak etməyi planlaşdırır. İclasın gedişində AzerExpresspocht müəssisəsinə poçt sahəsində yüksək keyfiyyətli xidmət göstərdiklərinə görə gümüş sertifikat veriləcək.
Tədbirdə UPİ-nın keçirdiyi tədbirlərin yekunları üzrə məsələlər, eləcə də, bütün dünyada poçt markalarının qanunsuz yayılmasının qarşısının alınması müzakirə ediləcək.
Dünyanın 40 ölkəsi ÜPİ-nın İnzibati Şurasının üzvüdür. Bundan başqa, iclasda müşahidəçilər sırasında İttifaqın üzvü olmayan ölkələrin nümayəndələri də iştirak edəcək.
Ümumdünya Poçt İttifaqı 1874-cü ilin oktyabrında yaradılıb və 190 ölkəni özündə birləşdirir. BMT-nin ixctisaslaşmış idarəsi statusuna malik olduğundan dünyanın nüfuzlu təşkilatlarından biri hesab olunur.