Bakı. Trend:
“SpaceX” tərtibatçı şirkətinin məlumatına görə, “Starship” kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin yeddinci sınaq buraxılışı təxirə salınıb. Yeni sınaq uçuşunun yanvarın 15-də baş tutacağı bildirilib.
Trend xəbər verir ki, bu barədə şirkət "X" səhifəsində məlumat yayıb. Şirkət sınaq uçuşunun çərşənbə günü, yanvarın 15-i həyata keçiriləcəyini qeyd edib. Daha əvvəl yeddinci sınaq buraxılışı yanvarın 13-nə planlaşdırılırdı.
"SpaceX" yeddinci sınaq buraxılışı zamanı əhəmiyyətli dizayn təkmilləşdirmələri ilə prototipin yeni nəslini aşağı Yer orbitinə göndərməyə ümid edir. Sınaq uçuş proqramı əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Şirkətin planlarına görə, "Starship" kosmik sistemi universal olacaq və Yerə yaxın orbitə insanlı uçuşlar, peyklərin buraxılması, həmçinin Aya və Marsa, eləcə də daha uzaqlara missiyaların yerinə yetirilməsi üçün müxtəlif versiyalarda istifadə oluna biləcək.