Bakı. Trend:
Böyük Britaniyanın bir sıra şəhərlərində anti-miqrant nümayişləri və onlara qarşı təşkil olunan etiraz aksiyaları zamanı toqquşmalar qeydə alınıb.
Trend “Independent”ə istinadla xəbər verir ki, Bristolda polis atlı qüvvələrin dəstəyi ilə Kasl parkda toplaşan iki rəqib qrupu ayırmağa çalışıb. Hadisə zamanı etirazçılarla polis arasında gərginlik yaşanıb.
Horley şəhərində isə təxminən 200 nəfərlik anti-immiqrasiya qrupu ilə “Stand Up to Racism” təşkilatının 50-yə yaxın fəalı üz-üzə gəlib. İrqçiliyə qarşı çıxan nümayişçilər “Nifrət yox, qorxu yox, qaçqınlar buraya xoş gəlib” şüarları səsləndiriblər, qarşı tərəf isə əks şüarlarla çıxış edib.
Miqrantların otellərdə yerləşdirilməsinə qarşı etiraz aksiyaları həmçinin Liverpul, Nyukasl, Pert, Ekseter, Tamvort və digər şəhərlərdə də keçirilib. Demək olar ki, bütün bölgələrdə əks-etiraz aksiyaları da təşkil olunub.
Qeyd edək ki, bu tip aksiyaların intensivləşməsi Epping şəhərində yerləşən “The Bell Hotel”də keçirilən etirazlardan sonra başlayıb.