...

Rob Sobhani: Azərbaycan dünya ictimaiyyətinin müstəqil və etibarlı tərəfdaşıdır

Nəzər nöqtəsi Materials 24 Dekabr 2017 08:00 (UTC +04:00)
Azərbaycan dünya ictimaiyyətinin müstəqil və etibarlı tərəfdaşıdır.
Rob Sobhani: Azərbaycan dünya ictimaiyyətinin müstəqil və etibarlı tərəfdaşıdır

Bakı. Gülqız Muradova, Əli Mustafayev - Trend:

Azərbaycan dünya ictimaiyyətinin müstəqil və etibarlı tərəfdaşıdır. Bunu Trend-ə "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.

R.Sobhani bildirib ki, Azərbaycan kimi etibarlı tərəfdaşlar beynəlxalq əməkdaşlığın bütün sahələrində, o cümlədən diplomatik, iqtisadi, mədəni və hərbi sahələrdə böyük önəm daşıyır: "Bu, çox vacibdir, çünki ilk növbədə Azərbaycanın sabitliyini göstərir. Çin, ABŞ kimi böyük dövlətlər, Avropa İttifaqı Azərbaycanla uzunmüddətli və etibarlı əməkdaşlığa arxalana bilər".

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi böyük nailiyyətlərə toxunan R.Sobhani müstəqil xarici siyasəti, orta təbəqənin inkişafına gətirib çıxaran iqtisadi artımı və təkcə ölkədə deyil, həm də xaricdə azərbaycanlı kimliyinin bərpa olunmasını qeyd edib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın müasir müstəqil xarici siyasətinin əsasını qoyub. Bu onu ifadə edir ki, heç kim Azərbaycana şərtlər diktə edə bilməz. Son 25 ildə Azərbaycanın siyasi sisteminin sabitliyi dayanıqlı iqtisadi artıma gətirib çıxarıb ki, bu da yüz minlərlə azərbaycanlının yoxsulluq vəziyyətindən çıxmasına səbəb olub. Dünya Bankının məlumatına əsasən, hazırda Azərbaycanda yoxsulluq səviyyəsi beş faizədək azalıb".

Onun sözlərinə görə, bu nəticə ona göstərir ki, Azərbaycanda orta təbəqənin sayı artıb.

Azərbaycanlı kimliyinin həm ölkə daxilində, həm də beynəlxalq arenada bərpa olunmasına gəldikdə, R.Sobhani bu amili də son 25 ilin mühüm nailiyyəti hesab edir: "Həm Prezident İlham Əliyev, həm də birinci xanım Mehriban Əliyeva bu nailiyyətin müəllifləridir. Məhz öz kimliyini qoruyub saxlaya bilən millətlər əsrlər boyunca mövcudluğunu davam etdirir. İllər sonra tarixçilər Azərbaycanın müstəqilliyindən başlayaraq tarixini yazarkən bir faktı vurğulayacaqlar ki, Azərbaycan rəhbərliyi ölkənin mədəniyyətini, dilini və irsini gələcək nəsillər üçün qoruyub saxlayıb".

R.Sobhani vurğulayıb ki, Azərbaycan özünü dünya arenasında enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaş kimi də tanıdıb.

Onun sözlərinə görə, qonşularının enerji ehtiyatlarının ixracını öz təbii məqsədləri üçün istifadə etdiyi bir vaxtda Azərbaycan rəhbərliyi başa düşür ki, bütün dünyadakı istehlakçılar sabitlik istəyir və Azərbaycan onlar üçün bu sabitliyi təmin edir: "Bu səbəbdən Azərbaycan Xəzər regionunda enerji təhlükəsizliyinin təməlinə çevrilib. "Cənub Qaz Dəhlizi" də Azərbaycan hökuməti üçün əsas gəlir mənbələrindən birinə çevriləcək ki, bu da Azərbaycan iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə də yüngül sənaye və turizm kimi sahələrə investisiyaları artırmağa imkan verəcək. Azərbaycanı bütün dünyada etibarlı qaz tədarükçüsü qismində tanıtmaq məqsədilə SOCAR və onun tərəfdaşları radio, televiziya və sosial media vasitəsilə "Azərbaycan: Bütün dünya üçün enerji" adında qlobal kampaniya başlamalıdır".

R.Sobhani, həmçinin Azərbaycanda müsəlman dünyasında öz-özlüyündə unikal olan dini tolerantlıq mühitinin olduğunu vurğulayıb: "Faktiki olaraq, Azərbaycan bir müsəlman ölkəsinin müxtəlif inanclı insanları özündə birləşdirməsinin nümunəsi ola bilər".

O əlavə edib ki, xristianlar, yəhudi icması özlərini Azərbaycanda təhlükəsizlikdə hiss edir, bəhai dininin üzvləri isə öz dinlərinə sərbəst şəkildə etiqad edirlər: "Azərbaycan xalqı xarakterini və xeyirxah təbiətini əks etdirən bu dini tolerantlıq mühiti ilə fəxr etməlidir".

R.Sobhani bildirib ki, dini etiqad azadlığı insanın fundamental hüququdur və azərbaycanlı siyasətçilər və diplomatlar bunu Vaşinqton, Paris, London kimi iri paytaxtlarda və beynəlxalq tədbirlərdə qeyd etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti