Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir T.Cəfərov/
Qərb ölkələrinin Qum şəhərinin yağınlığında dağların arasında yeni uranı zənginləşdirmə zavodunun fəaliyyətinə kəskin reaksiyasından sonra rəsmi Tehran Qum uranı zənginləşdirmə zavodunun dinc məqsədlər üçün tikildiyini və bu haqda dəfələrlə MAQATE ilə məktublaşdığını bildirib.
İran Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi Tren News-a məktub müsahibəsində Qum uranı zənginləşdirmə zavodunun gizli məqamlarını açıqlayıb. Həmin şəxs çərşənbə axşamı Tren News-a müsahibəsində bildirib ki, MAQATE sentyabrın 25-də məlumat yayıb ki, İran tikilməkdə olan uranı zənginləşdirmə zavodu haqda bu quruma məlumat verib. "IAEA sözcüsü Mark Vidrikaire (Marc Vidricaire ) yaydığı bəyanatda bildirib ki, İran sentyabrın 21-də MAQATE-yə məktub yazaraq bildirib ki, hazırda sınaq üçün uranı zənginləşdirmə zavodu tikilməkdədir. İranın məktubunda zavodun uranı zənginləşdirmə gücünün 5 faiz olduğu bildirilir. İran həmin məktubda MAQATE-yə vəd verib ki, yeni zavod haqqında lazım olan əlavə məlumatları münasib bir vaxta açıqlayacaq", - İran rəsmisi deyib.
İran rəsmisinin dediyinə əsasən, MAQATE də sentyabrın 25-də İrana məktub ünvanlayıb. Məktubda İrandan yeni zavod haqda MAQATE-yə vaxtında məlumat verdiyi üçün "təşəkkür" bildirilib.
İranlı diplomatın sözlərinə görə, MAQATE-nin İrana ünvanladığı məktubda qeyd olunur ki, "2009-cu il sentyabrın 21-də ünvanladığınız məktuba cavab olaraq yeni uranı zənginləşdirmə zavodu haqda MAQATE-yə məlumat verildiyi üçün İran İslam Respublikasına təşəkkür edirik. Təhlükəsiz münasibətlərin qurulması üçün bu kimi addımlar zəruridir. Həmin zavod haqqında ətraflı məlumat əldə etmək bizi məmnun edərdi. MAQATE tez bir zamanda yeni zavod haqda əlavə məlumat əldə etmək istədir. Sizinlə əməkdaşlıqdan məmnunuq".
İranlı rəsmi 3000 sentrifuqa (centrifuge) quraşdırma potensialına malik olan zavodda zənginləşdiriləcək uranın harada işlənəcəyi haqda məlumat verməyib.
Londonda yaşayan iranlı ekspert Rza Təqizadənin fikrincə, Qum uranı zənginləşdirmə zavodu haqda diqqəti cəlb edən məsələ həmin zavodun bir reaktoru yanacaqla təmin etmək üçün belə istehsal potensialına malik olmamasıdır. "Qum uranı zənginləşdirmə zavodu hətta ortasəviyyəli reaktorun yanacağını istehsal etmə potensilana malik deyil, lakin zənginləşdirilmiş uran istehsalı 3 min sentrifuqadan istifadə edilməklə ildə üç atom bombasının istehsalı üçün yetərlidir", - deyə Təqizadə telefonla Trend -a bildirib.
Buşehr nüvə stansiyası ölçüsündə, 1000 meqavatlıq stansiyanın yanacağını zənginləşmiş uran ilə təmin etmək üçün 60 min aktiv sentrifuqa olmalıdır. Lakin iranlı rəsmi bildirir ki, yeni uranı zənginləşdirmə zavodu da İranın digər nüvə obyektləri ilə yanaşı MAQATE-nin qanunları çərçivəsində fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, yeni zavoda nəzarət və zavodun fəaliyyəti İran və MAQATE arasında imzalanmış təhlükəsizlik sazişi çərçivəsində aparılacaq. "Təhlükəsizlik müqaviləsinin əlavəsinin 3/1 bəndinə (kod) əsasən, (həmin müqaviləni İran Parlamenti 1976-cı ilə təsdiq edib) İran uran qazını sentrifuqalara doldurmamışdan 6 ay öncə yeni obyekt haqda MAQATE-yə məlumat verməlidir. Misal üçün yeni tikilən nüvə obyektində bütün tikinti işləri, təchizat və sentrifuqaların qurşdırılması işləri görüldükdən sonra, uran qazını sentrifuqalara doldurmamışdan 6 ay öncə MAQATE-yə xəbər verilməlidir. İran isə Qum şəhəri yaxınlığında tikilən yeni uran zənginləşdirmə zavodu haqda uran qazını sentrifuqalara doldurmamışdan 18 ay öncə MAQATE-yə məlumat verib. Bildirməliyəm ki, yeni uranı zənginləşdirmə zavodunun təkmilləşdirilməsi üçün bir il yarımdan iki ilə kimi vaxt nəzərdə tutulub. İran bu addımı öz öhdəliklərindən əlavə olaraq və şəffaflıq naminə atıb", - deyə adının açıqlanmasını istəməyən İran rəsmisi bildirib.
Onun sözlərinə görə, 3/1 bəndinə son illər ərzində dəyişiklik olunub. Dəyişikliyə əsasən, obyektin tikintisinə başlayarkən MAQATE-yə bu haqda məlumat verilməlidr. "İran könüllü olaraq əlavə protokolun icrasını və uranın zənginləşdirilməsini dayandırmışdı. Lakin İranın nüvə proqramı ilə bağlı məsələ BMT TŞ-yə göndərildikdən və İrana qarşı sanksiyalar tətbiq olunduqdan sonra İran bütün bu addımlardan imtina etdi. İran 3.1 bəndinə edilmiş dəyişikliyin icrasını dayandırdı və 1976-cı ildə parlamentdə təsdiq olunmuş 3/1 bəndinin icrasına qayıtdı", - İran rəsmisi deyib.
İran rəsmisi Qərb ölkələrinin bu məsələyə reaksiyasından təəccübləndiyini bildirərək deyib ki, "İranın şəffaf mövqeyinin MAQATE tərəfindən alqışlandığı kimi , Qərb ölkələri tərəfindən də alqışlanacağını gözləyirdik, siyasi qalmaqal yaradacaqlarını düşünmürdük". "İran tərəfi vaxtından əvvəl yeni zavod haqda məlumat verməsinə baxmayaraq, ABŞ və bir neçə Qərb ölkəsi qalmaqal yaradır. Bizi onların bu hərəkəti təəccübləndirir. Ona görə ki, nə cür hərəkət etsək də, bu ölkələri məmnun salmaq mümkün deyil. Həmin ölkələr öz ziddiyyətli və ikili mövqelərini dəyişməlidirlər", - deyə İran rəsmisi bildirib.
İran rəsmisi əlavə edib ki, İran öz nüvə proqramını bir saniyə belə dayandırmayacaq.
"Qum uranı zənginləşdirmə zavodunda zənginləşdirmə faizi Nətənz zavodunda olduğu kimi 5 faizdir. Qum uranı zənginləşdirmə zavodunun tikilməsinə bir il bir neçə ay öncə başlanılıb. İndiyədək zavodda radioaktiv maddələr olmayıb və təchizat quraşdırılmayb. Zavodda daha çox tikinti işləri aparılıb. MAQATE-nin qanunlarına əsasən, yeni zovod haqda məlumat verməyə borclu deyildik. Biz bu haqda indi məlumat verməyə də bilərdik, lakin biz inam və şəffaflıq yaratmaq üçün vaxtından əvvəl bu barədə elan etdik", - İran rəsmisi bildirib.
Onun sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin də bildirdiyi kimi, MAQATE müfəttişləri qurumun qanunları çərçivəsində yeni zavoda nəzarət edə bilərlər. "Araşdırmalar və nəzarət qanunlar çərçivəsində aparılarsa, problem yoxdur və biz bu məsələni MAQATE ilə razılaşdırıb araşdırmalar üçün vaxtı açıqlayacağıq.