...

İran Braziliyanın uran mübadiləsi ilə bağlı təklifini qəbul etməyə hazırdır

Dünya xəbərləri Materials 5 May 2010 12:23 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad venesuelalı həmkarı Uqo Çaveslə telefon söhbətində Braziliyanın az zənginləşdirilmiş uranın nüvə yanacağı ilə mübadiləsi barədə təklifini qəbul etməyə hazır olduğunu bildirib. Bu barədə ISNA agentliyi məlumat verib.

İran Prezidentinin sözlərinə görə, sövdələşmənin təfərrüatları Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın gələn həftə Tehrana səfəri zamanı müzakirə ediləcək.

Bundan əvvəl Əhmədinejad bəyan edib ki, İran MAQATE-nin Rusiya və Fransada hazırlanmış az zənginləşdirilmiş uranın nüvə yanacağı ilə mübadiləsi barədə təklifinə razıdır və ondan hərbi məqsədlərlə istifadə etməyəcəyinə zəmanət verir.

İrana Tehrandakı tədqiqat reaktoruna tibbi məqsədlərə görə istifadə olunmaq üçün 120 kiloqrama yaxın 19,75 faizədək zənginləşdirilmiş uran lazımdır. Ötən il oktyabrın sonlarında Beynəlxalq Atom Enerjisi Agentliyi islam respublikasına Rusiyada zənginləşdirilən və sonradan Fransada nüvə yanacağının hazırlanacağı 1,2 tonadək 3,5 faizlik az zənginləşdirilmiş uran təklif edib. Lakin Tehran bəyan edib ki, yalnız İranın öz ərazisində olmaqla sinxron mübadiləyə razıdır.

Tehrandakı tədqiqat reaktoru 40 il əvvəl ABŞ-ın yardımı ilə inşa edilib və onun əsas funksiyası dərman preparatlarının istehsalından ibarətdir. Sonuncu dəfə İran bu reaktoru yanacaqla təmin etmək üçün 1993-cü ildə Argentinadan 19,75 faizədək zənginləşdirilmiş uran alıb.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bütün ittihamları rədd edir və onun nüvə proqramının ölkənin elektrik enerjisinə olan tələbatının sırf ödənilməsinə yönəldiyini bəyan edir.

Xəbər lenti

Xəbər lenti