...

Zahidan şəhərində baş vermiş terror aktında ölənlərin sayı 27 nəfərə çatıb, 11 nəfərin vəziyyəti ağırdır - İranın səhiyyə naziri

Dünya xəbərləri Materials 16 İyul 2010 12:34 (UTC +04:00)
Ötən gecə Zahidan şəhərində baş vermiş terror aktında ölənlərin sayı 27 nəfərə çatıb. Bunu İranın səhiyyə naziri xanım Mərziyyə Dəstcerdi cümə günü jurnalistlərə açıqlamasında deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.
Zahidan şəhərində baş vermiş terror aktında ölənlərin sayı 27 nəfərə çatıb, 11 nəfərin vəziyyəti ağırdır - İranın səhiyyə naziri

Ötən gecə Zahidan şəhərində baş vermiş terror aktında ölənlərin sayı 27 nəfərə çatıb. Bunu İranın səhiyyə naziri xanım Mərziyyə Dəstcerdi cümə günü jurnalistlərə açıqlamasında deyib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.

Xanım Dəstcerdi əlavə edib ki, hadisə zamanı 270 nəfər yaralanıb, onlardan 11 nəfərinin vəziyyəti çox ağırdır. "İndiyədək 170 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, qalanları isə ambulator müayinədən sonra evə buraxılıb", - deyə xanım Dəstcerdi deyib.

O əlavə edib ki, hadisə baş verdikdən dərhal sonra, Səhiyyə Nazirliyi bir qrup cərrahı təyyarə ilə Zahidan şəhərinə ezam edib.

Bundan öncə İranın Sistan-Bəlucistan əyalətinin başçısı Əli Məhəmməd Azad terror aktı zamanı 22 nəfərin həlak olduğunu və 160 nəfərin yaralandığını demişdi.

Məhəmməd Azad yaralananların bir neçəsinin vəziyyətinin çox ağır olduğunu və buna görə də ölənlərin sayının daha da arta biləcəyini demişdi.

İran KİV-in məlumatına əsasən, ötən gecə İranın Zahidan şəhərinin "Came" məscidinin qarşısında iki kamikadze özünü partladıb.

Dubayın "Əl-Ərəbiyyə" telekanalının xəbər verdiyi kimi, partlayışı "Cundullah" terrorçu qruplaşması ("Allahın əsgərləri") fevralın 23-də İran Xüsusi Kəşfiyyat Xidməti tərəfindən həbs olunan qruplaşmanın lideri Əbdülməlik Riginin iyun ayında edamına cavab olaraq, partlayış etməyi öz öhdəsinə götürüb.

"Cundullah" bəyan edir ki, partlayışı Əbdülməlik Riginin qohumları - Əbdülbəset Rigi və Məhəmməd Rigi törədiblər və bu, növbəti belə əməliyyatların olacağına xəbərdarlıqdır", - "Əl-Ərəbiyyə" -nin məlumatında deyilir.

Bəlucistan sünnilərinin üsyançı təşkilatı "Cundullah" (iranlıların əksəriyyəti şiədir) 2003-cü ildə yaradılıb və həm İranda, həm də qonşu Pakistan Bəlucistanında fəaliyyət göstərir. İran hökuməti "Cundullah"ı kütləvi qırğınlarda, silahlı basqınlarda, soyğunçuluqda, partlayış və təxribatda ittiham edir. Tehranın iddialarına görə, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi kəşfiyyat xidmətləri ilə əlaqəlidir.

"Cundullah"ın törətdiyi bundanəvvəlki böyük terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş vermiş, 50-yə yaxın insanın həlakına səbəb olmuşdur.

Xəbər lenti

Xəbər lenti