Bu gün İran Parlamenti ölkədə uran yanacağının istehsalı barədə qərar qəbul edib. Bu barədə Fars agentliyi məlumat verib.
Qətnaməyə görə, hökumət İranın yerli texnologiyalarla nüvə yanacağı istehsalı dövriyyəsinın bütün mərhələlərinə sahib olmağa çalışmalıdır. Eləcə də hökumət sənaye miqyasında uran yanacağı istehsalı üçün (3,5 faizlik zənginləşdirmə) və nüvə laboratoriyaları üçün (20 faizlik) uranın zənginləşdirilməsi proqramını davam etdirməlidir.
Qətnamənin bəndlərinin birində deyilir ki, rəsmi Tehran öz fəaliyyətini Nüvə Silahının Yayılmaması Müqaviləsi çərçivəsində həyata keçirməlidir.
Bu bəndin qəbul edilməsinin lehinə yüz otuz dörd nəfər, əleyhinə iki nəfər səs verib, səkkiz nəfər bitərəf qalıb.
Qətnamənin digər bəndinə görə, hansısa dövlət tərəfindən İranın təyyarə və gəmilərinə baxış keçirilərsə, İran da həmin dövlətin təyyarə və gəmilərinə münasibətdə analoji addım atacaq.
Bu bəndin lehinə yüz qırx bir, əleyhinə dörd nəfər səs verib, yeddi nəfər bitərəf qalıb.