Azərbaycan, Bakı, 27 avqust /Trend/
İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ hökumətinin Suriya Prezidenti Bəşşar Əsədi istefaya çağırmasını beynəlxalq konvensiyalara zidd hesab edir. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
ABŞ Prezidenti Barak Obama bəyan edib ki, Suriya lideri Bəşşar Əsəd istefaya getməlidir. Vaşinqton Dəməşqə iqtisadi baykot elan edib və bu məsələdə Aİ, Fransa, Almaniya və Böyük Britaniyanın dəstəyini əldə edib.
"Prezident Əsədin getmək vaxtı çatıb. Suriya xalqı naminə getmək lazımdır", - Obama qeyd edib.
İran XİN rəhbərinin sözlərinə görə, ABŞ heç bir hüququ olmadan dünya jandarmı rolunu öz üzərinə götürüb və təəssüf ki, belə bəyanatlarla çıxış etməyi özünə rəva bilir.
"Belə çıxışlar ciddi qəbul edilməməlidir. Belə ki, əgər bu cür bəyanatların hansısa bir əsası olsaydı, əfqan problemi öz həllini tapardı", - Salehi deyib.
Suriyada kütləvi etiraz aksiyaları martın ortalarından ölkənin cənubundakı Dəra şəhərindən başlayıb, daha sonra isə ölkənin digər regionlarını əhatə edib. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, bu müddət ərzində təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 1,6 mindən çox insan həlak olub.
Rəsmi məlumatlara əsasən, "silahlı terrorçu elementlərə" qarşı əməliyyatlarda 500 hərbi qulluqçu və təhlükəsilzik qüvvələrinin nümayəndələri həlak olub.