Azərbaycan, Bakı, 25 iyul /Trend/
ABŞ Misirdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar həmin ölkəyə F-16 qırıcı təyyarələrin göndərilməsini dayandırıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə brifinqdə dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib.
"Misirdəki vəziyyəti nəzərə alaraq, biz hesab edirik ki, hazırda F-16 göndərilməsi üçün uyğun vaxt deyil, " - Psaki deyib.
"Qərar prezident tərəfindən qəbul edilib və milli təhlükəsizlik məsələləri üzrə cavab verən administrasiya nümayəndələri tərəfindən bir səslə dəstəklənib," - dövlət departamentinin nümayəndəsi əlavə edib.
Bununla birlikdə, onun sözlərinə görə, ABŞ Misirə yardım etmədən imtina etməyi məqsədəuyğun hesab etmir. Bu sferada vəziyyət hələ ki, ABŞ rəhbərliyi tərəfindən araşdırılır.
Bundan əvvəl F-16 göndərilməsinin dayandırılması barədə Pentaqon bildirib.
ABŞ və Misir arasında imzalanmış razılaşmaya görə, Qahirə ABŞ-dan 20 qırıcı təyyarə almalıdır.