Bakı. Trend:
"Emirates" aviaşirkəti hava səyahətinə tələbatın bərpası ilə əlaqədar olaraq, 2023-cü ilin sonuna qədər bütün A380 geniş gövdəli təyyarələrinin fəaliyyətini bərpa etmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin "The National" qəzeti şirkət rəhbərliyinə istinadən məlumat yayıb.
"Trafikin həcmini pandemiyadan əvvəlki səviyyəyə çatdırmaq üçün gələn ilin sonuna qədər bütün A380-ləri istismara qaytarmağı planlaşdırırıq", - deyə "Emirates"in kommersiya direktoru Adnan Kazım deyib.
O əlavə edib ki, 2024-cü ilin yayına qədər aviadaşıyıcı yeni A350 təyyarələri almaqla öz təyyarə parkını genişləndirməyə başlayacaq.
"Emirates" 2019-cu ildə 116 A380 istismar edib. Onların əksəriyyəti COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən istismardan çıxarılıb. Qəzetin məlumatına görə, indiyə qədər şirkət bu dörd mühərrikli təyyarələrin təxminən 85 faizini artıq parka qaytarıb. Bu, yükgötürmə qabiliyyətinin 80%-ni və marşrutların 95%-ni bərpa etməyə imkan verib. Qalan laynerlərin işə qayıtması tədricən baş verəcək. Bunun üçün 2023-cü ilin ortalarına qədər şirkət 400 yeni pilot və 5-6 min ekipaj üzvünü işə götürməyi planlaşdırır. Dekabrın əvvəlində bildirildi ki, Əmirliyin digər böyük aviadaşıyıcısı "Etihad Airways" də geniş gövdəli A380 təyyarələrinin istismarını bərpa etmək qərarına gəlib. Onlar 2023-cü ilin yayından Əbu-Dabi-London marşrutu üzrə uçuşlara başlayacaqlar.