Bakı. Trend:
Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxması (Brexit) nəticəsində 29 milyard funt (35,2 milyard dollar) dəyərində investisiya itirib.
Trend-in məlumatına görə, bu barədə İngiltərə Bankının Pul-Kredit Siyasəti Komitəsinin nümayəndəsi Conatan Haskel bu gün Financial Times qəzetinə müsahibəsində deyib.
Onun qiymətləndirməsinə əsasən, 2016-cı ildə Aİ-dən çıxmaq məsələsi ilə bağlı referendum sonrası kapitalqoyma formasında biznes itkisi Birləşmiş Krallığın ÜDM-nin 1,3%-nə bərabər olub. Ekspert bu göstəricinin 2026-cı ildə təqribən ÜDM-nin 2,8%-dək arta biləcəyini istisna etmir, həmçinin ölkənin son altı il ərzində investisiyaların cəlb edilməsi üzrə Yeddilər Qrupu (G7) üzvləri arasında sonuncu yer tutduğunu qeyd edir.
Krallıq Aİ-ni bir neçə il davam edən danışıqlardan sonra 2020-ci il fevralın 1-də tərk edib. 2021-ci il yanvarın 1-də Brexit-dən sonra davam edən keçid dövrü bitib. Bu müddət ərzində Böyük Britaniya ərazisində bütün Avropa normaları yayılmışdı. Ekspertlərin sözlərinə görə, bu cür addım iqtisadi itkilərə, həmçinin mədəni və elmi əlaqələrin kəsilməsinə səbəb olub.