Bakı. Trend:
Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi hökumət əleyhinə kütləvi etirazlardan sonra ölkəni tərk edən sabiq baş nazir Şeyx Hasinanın həbsinə order verib.
Trend xəbər verir ki, bunu məhkəmənin baş prokuroru Tacul İslam jurnalistlərə deyib.
Onun sözlərinə görə, Şeyx Hasina həbs olunaraq noyabrın 18-də məhkəmə qarşısına çıxarılmalıdır. Sabiq hökumət başçısı iyul-avqust aylarında kütləvi qırğınlar və əhaliyə qarşı cinayətlər törədən şəxslərə rəhbərlik etməkdə ittiham olunur.
Beynəlxalq Cinayətlər Məhkəməsi Şeyx Hasinadan başqa, “Avami Liqası” partiyasının üzvləri də daxil olmaqla, daha 44 nəfərin həbsinə order verib.
“Təqsirləndirilən şəxslər son dərəcə nüfuzlu insanlardır. Onlar həbs edilməsə hərtərəfli araşdırma aparmaq mümkün olmayacaq”, - deyə Tacul İslam bildirib.
Banqladeşin hüquq-mühafizə orqanları sabiq hökumət başçısının ölkəyə qaytarılması üçün “İnterpol”dan yardım istəmək niyyətindədir.
Qeyd edək ki, Şeyx Hasina avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda baş nazir postundan istefa verərək Hindistana sığınıb. Etiraz aksiyaları zamanı ölkədə 700-dən çox insanın həlak olduğu bildirilir. Avqustun 8-də Banqladeşdə Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunisin rəhbərliyi ilə müvəqqəti hökumət fəaliyyətə başlayıb.