Bakı. Trend:
Kubada əsas istilik elektrik stansiyasının fəaliyyətinin dayanması nəticəsində ölkə boyu elektrik enerjisi kəsilib.
Trend-in "Figaro"ya istinadən verdiyi məlumata görə, ölkənin əsas enerji stansiyasının dayandırılması bütün elektrik şəbəkəsinin çökməsinə səbəb olub. Yalnız şəxsi generatoru olanlar elektrikdən istifadə edə bilirlər. Kuba Enerji Nazirliyi ölkənin hər yerində elektrik enerjisinin olmadığını təsdiqləyib.
Bir neçə gün əvvəl hökumət enerji böhranını yüngülləşdirmək üçün dövlət müəssisələrinin iş saatlarını qısaldıb. Buna baxmayaraq, bəzi bölgələrdə elektrik təchizatında fasilələr 20 saata qədər davam edir.
Kubanın elektrik təchizatı səkkiz istilik elektrik stansiyası vasitəsilə həyata keçirilir. ABŞ-ın tətbiq etdiyi embarqo səbəbindən Kuba həm bu stansiyalar üçün yanacaq almaqda, həm də onları modernləşdirməkdə çətinlik çəkir. Stansiyalarda hələ də SSRİ dövründən qalan avadanlıqlar tez-tez sıradan çıxır, bu da müntəzəm təmir işlərini zəruri edir.