Bakı. Trend:ı
Efiopiyanın Baş naziri Abiy Əhməd, 1974-cü ildən sonra ilk dəfə ölkədə fond birjasının fəaliyyətə başladığını elan edib.
Trend xəbər verir ki, Efiopiya Fond Birjasının (ESX) işə düşməsi ölkənin maliyyə sistemini gücləndirəcək və iqtisadi inkişafını stimullaşdıracaq. Yeni fond birjası müəssisələr, dövlət qurumları və investorlar üçün müxtəlif maliyyə məhsulları və xidmətləri təqdim edərək, həm yerli, həm də xarici sərmayəçilər üçün geniş imkanlar yaradacaq.
"Bu gün iqtisadi və maliyyə sektorumuz üçün tarixi bir mərhələdir. Biz Efiopiya Fond Birjasını rəsmi olaraq işə salmaq üçün zəng çaldıq," - deyə Baş nazir çıxışı zamanı bildirib.
Abiy Əhməd xarici investorları Efiopiyanın sürətlə inkişaf edən iqtisadiyyatını araşdırmağa dəvət edərək, ölkənin böyük potensiala malik bazar olduğunu vurğulayıb. Xatırladaq ki, Efiopiya hökuməti daha əvvəl pərakəndə sektorunu xarici investisiyalara açıq elan etmişdi.
Efiopiyada fond birjası sonuncu dəfə 1974-cü ildə, imperator Haile Selassienin devrilməsi ilə bağlı bağlanmışdı.