Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan, ərəb ölkələrini Suriyanın yenidən qurulmasına kömək etmək üçün səyləri əlaqələndirmək üçün birgə mexanizm yaratmağa çağırıb.
Trend xəbər verir ki, bunu Hakan Fidan Suriya üzrə Ər-Riyadda təşkil olunan toplantıda bildirib.
“Bu kritik zamanda beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyada yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında incə tarazlığı təmin edərək, tarazlaşdırıcı qüvvə kimi çıxış etməliyik. Biz səylərimizi daha səmərəli etmək üçün koordinasiya mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sektorları müəyyən etməliyik. “Bizim əsas prioritetimiz həmçinin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanması olmalıdır”, - deyə ANKA agentliyi nazirdən sitat gətirir.
Fidan həmçinin qeyd edib ki, “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyası səmimi şəkildə Suriyanın yeni administrasiyasına inteqrasiya etmək istəyirsə, özünü ləğv etdiyini elan etməlidir. Bununla bağlı Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Türkiyə və ərəb ölkələri “Suriyanın yeni hakimiyyət orqanlarının İŞİD-ə qarşı effektiv mübarizə qabiliyyətini gücləndirmək üçün birgə işləyə bilər”.