Bakı. Trend:
Amerikanın bir sıra hüquq müdafiə təşkilatları yeni prezident Donald Trampın ölkə hüdudlarında doğulan uşaqlara ABŞ vətəndaşlığının verilməsi siyasətinə məhdudiyyətlərin qoyulması ilə bağlı qərarından Nyu Hempşir ştatının məhkəməsinə müraciət edib.
Trend xəbər verir ki, bu barədə Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı (ACLU) bəyanat yayıb.
“Mühacirlərin hüquqlarını müdafiə edənlər bu gün, Tramp administrasiyasının Birləşmiş Ştatlarda dünyaya gələn (mühacir ailələrindən olan) körpələrin ölkə vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan fərmanına qarşı məhkəməyə şikayət ərizəsi təqdim edib”, - deyə ACLU bildirib.
Təşkilatın bildirdiyinə görə, Trampın fərmanı təkcə konstitusiyaya zidd deyil, o həm də Amerika dəyərlərindən düşüncəsiz və amansız şəkildə imtinadır.
“Doğum hüququ əsasında vətəndaşlığın verilməsi Birləşmiş Ştatların qüdrətinin və dinamikliyinin ayrılmaz hissədir. Biz yeni doğulan körpələrə və amerikalıların gələcək nəsillərinə hədəflənən bu hücumları cavabsız qoymayacağıq”, deyə ittifaqın başçısı Entoni Romero bildirib.