Bakı. Trend:
İraq parlamenti qəbul etdiyi qanun dəyişiklikləri ilə uşaq evliliyini faktiki olaraq qanuniləşdirib.
Trend-in "Associated Press"ə istinadən verdiyi xəbərə görə, yeni dəyişikliklər İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən nikah və boşanmalarla bağlı daha geniş səlahiyyətlər verir. İraqda minimum nikah yaşı 18 olsa da, dəyişikliklər din xadimlərinə "öz İslam qanunlarına uyğun" qərarlar vermək imkanı tanıyır. Bəzi din xadimləri hesab edir ki, qızlar 9 yaşında belə ərə verilə bilər.
Hüquq müdafiəçiləri bildirir ki, bu dəyişikliklər İraqın qadın hüquqlarını qoruyan 1959-cu il ailə qanununu pozur. Bununla yanaşı, qanunvericiliyi dəstəkləyən mühafizəkar şiə deputatlar dəyişikliklərin "İslam prinsiplərinə uyğunlaşdırıldığını" və bunun İraq mədəniyyətini "Qərb təsirindən qoruyacağını" iddia edirlər.
BMT-nin 2024-cü il statistikalarına görə, İraqda qadınların təxminən 28%-i yetkinlik yaşına çatmadan ailə qurur. Qanun qəbul edilməzdən əvvəl belə evliliklər qeyri-rəsmi sayılır və qızların doğum evlərinə qəbul edilməsində problemlər yaranırdı.
Hüquq müdafiəçiləri xəbərdarlıq edir ki, uşaq nikahlarının qanuniləşdirilməsi azyaşlı qızları fiziki və cinsi zorakılıq riskinə daha çox məruz qoya bilər.