Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu fevralın birinci yarısında ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırır.
Trend-in N12 telekanalına istinadən verdiyi məlumata görə, bu görüş hətta Qəzza zolağından girovların azad edilməsi üzrə razılaşmanın birinci mərhələsi tamamlanmadan baş tuta bilər.
Yanvarın 15-də Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail ilə HƏMAS arasında vasitəçilik səyləri nəticəsində razılaşma əldə edildiyini açıqlayıb. Bu razılaşma çərçivəsində Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin tətbiqi nəzərdə tutulur.
Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və HƏMAS, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların əvəzində 33 israilli girovu azad edəcək.