Bakı. Trend:
Almaniya kansleri Olaf Şoltz Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzin immiqrasiya qanunlarını sərtləşdirməyə dair təkliflərini tənqid edib və onların ölkə konstitusiyasını pozduğunu bildirib.
Trend xəbər verir ki, Şoltz bu barədə Saarbrüken şəhərində keçirilən seçkiqabağı tədbirdə çıxış edib.
“Müxalifət lideri kanslerdən ölkənin konstitusiyasına və Avropa müqavilələrinə uyğun gəlməyən qərarlar qəbul etməyi tələb edəndə, bu, onun yüksək vəzifə tutmaq bacarığını ciddi sual altına alır,” - deyə kansler vurğulayıb.
Fridrix Merz daha əvvəl, kansler seçiləcəyi təqdirdə, ilk gündən Almaniyanın bütün qonşu ölkələrlə sərhədlərində uzunmüddətli nəzarət yaradılacağını və qeyri-qanuni miqrantlara “de-fakto giriş qadağası” tətbiq edəcəyini bəyan etmişdi.
Şoltz isə Almaniya Konstitusiyasının hər kəs üçün sığınacaq hüququnu təsbit etdiyini xatırladaraq, belə bir əmr verildiyi halda hüquq-mühafizə orqanlarının bu qanunsuz təlimata necə reaksiya göstərəcəyi barədə sual verib.