Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatı, Qəzza zolağında atəşkəs razılaşmasının icrasında mümkün pozuntulara görə İsrail hökumətini ittiham edib.
Trend xəbər verir ki, hərəkatın teleqram kanalında yayımlanan bəyanatda, fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bildirilib:
"Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir, xüsusilə də Ər-Rəşid oxu boyunca məcburi köçkünlərin cənubdan şimala qayıdışı ilə bağlı. Bu səbəbdən HƏMAS, razılaşmanın pozulmasına və bunun nəticələrinə görə tam məsuliyyəti İsrailin üzərinə qoyur," – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 19-da İsrail hökuməti atəşkəs rejiminin qüvvəyə mindiyini elan etmiş və HƏMAS-la əldə edilən razılaşma çərçivəsində üç israilli girovun əvəzinə 90 fələstinli məhbusu azad etmişdi. Daha sonra dörd israilli qadın girovun sərbəst buraxılmasının ardından Ofer və Ketsiot həbsxanalarından daha 200 fələstinli məhbus azad edilib.