Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə Çinin süni intellekt çat-botu DeepSeek-dən istifadə etməyə icazə verilmir.
Trend xəbər verir ki, bu barədə Axios portalı ABŞ Konqresinin Nümayəndələr Palatasının departamentlərinə göndərilən məktuba istinadən məlumat yayıb.
"DeepSeek hazırda ABŞ Nümayəndələr Palatası tərəfindən nəzərdən keçirilir və rəsmi istifadə üçün təsdiqlənməyib", – bildirişdə qeyd olunub.
Bundan əvvəl İtaliyanın Məlumatların Mühafizəsi Təşkilatı Çinin DeepSeek proqramını bloklamaq barədə göstəriş vermişdi. Tənzimləyici qurumun bəyanatında bildirilib ki, Çin şirkətinin İtaliyada fəaliyyət göstərməməsi və Aİ qaydalarına tabe olmaması narahatlıq doğurub.
Qeyd edək ki, DeepSeek yanvarın 20-də R1 çat-botunun yeni versiyasını təqdim edib. Şirkətin iddiasına görə, yeni versiya OpenAI-nin ən müasir ChatGPT modelindən üstündür.