Bakı. Trend:
Qrenlandiya parlamenti xarici və anonim donorlardan siyasi partiyalar və siyasətçilərə maliyyə dəstəyini qadağan edən qanun layihəsini qəbul edib.
Trend-in Qrenlandiyanın KNR televiziya və radio kanalına istinadən verdiyi məlumata görə, qanun layihəsi çərşənbə axşamı hökumətin "Qrenlandiyanın siyasi müstəqilliyini qorumaq" məqsədilə təcili olaraq müzakirəyə çıxarılıb.
Səsvermə nəticəsində 22 deputat qanunun lehinə səs verib, 8 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
Qanunun şərhində qeyd olunur ki, bu qərar “Qrenlandiyanın geosiyasi maraqları və bəzi böyük dövlət nümayəndələrinin Qrenlandiyaya təsir göstərmək cəhdləri” ilə bağlı narahatlıqlar fonunda qəbul edilib. Qanun, xüsusilə, Qrenlandiyanın seçki proseslərinə və siyasi qərarların qəbuluna xarici müdaxilə risklərini azaltmağı hədəfləyir.
Yeni qanuna əsasən, partiyalara 200 000 krondan (təxminən 27 700 ABŞ dolları) çox şəxsi ianə və ya bir donor tərəfindən 20 000 krondan (təxminən 2 800 ABŞ dolları) artıq məbləğdə ianə qəbul etmək qadağan edilir.