Bakı. Trend:
2025-ci ilin yanvar ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 3 milyon 667 min 502 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 1 milyon 579 min 308 nəfər, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 2 milyon 88 min 194 nəfər təşkil edib.
2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 37 min 763 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 12 min 333 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 25 min 430 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 13 faiz artaraq, 21 min 724 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, 9 min 102, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 12 min 622 olub.
2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.