Bakı. Trend:
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.
Trend xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutan görüş mətbuata qapalı şəraitdə keçirilib.
Valentina Matviyenko səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Toplantıdan sonra iki sədr mətbuata birgə açıqlama veriblər.
Bildirilib ki, görüşlərdə mühüm qarşılıqlı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müzakirələr məhsuldar keçib.
Türkiyə ilə Rusiya arasında uzun müddətdir davam edən mühüm strateji tərəfdaşlıq əlaqələrindən danışan Kurtulmuş iki ölkə arasındakı ticarət dövriyyəsinin 54 milyard dolları keçdiyini, lakin ortaq hədəfin 100 milyard dollar olduğunu deyib.
“Ümid edirik ki, bu hədəfə mümkün qədər tez çatacağıq. 2024-cü ildə 6,7 milyon rus turist Türkiyəni ziyarət edib, bu il isə bu rəqəmin 7 milyonu aşacağını gözləyirik. Akkuyu Atom Elektrik Stansiyasında işlər bir qədər gecikmiş olsa da, ilk reaktorun bu ilin sonuna qədər fəaliyyətə başlaması planlaşdırılır”, - deyə Matviyenko öz növbəsində Rusiya-Türkiyə münasibətlərinin vacibliyini vurğulayaraq, iki ölkənin dialoq vasitəsilə bütün məsələləri həll edə biləcəyinə inamını ifadə edib.
O, iki ölkə arasında ticarətin milli valyutalarla aparılmasının mümkün olduğunu və alternativ ödəmə mexanizmlərinin nəzərdən keçirildiyini bildirib.