Bakı. Trend:
Honq-Konq tibb orqanları herpes B virusundan (meymun herpesi) ilk insan ölümünü təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Şəhər Sağlamlıq Mühafizə Mərkəzi məlumat yayıb.
37 yaşlı kişi 2024-cü ilin fevralında kənd parkında vəhşi meymunların hücumuna məruz qalıb və yaralanıb. O, aprel ayında virusa yoluxub və iyunda dünyasını dəyişib. Aparılan testlər nəticəsində meymun herpes virusu aşkar edilib.
Bu, Honq-Konqda insanda rəsmi qeydə alınmış ilk herpes B virusu yoluxma halıdır.
Mütəxəssislərin bildirdiyinə görə, virus əsasən Honq-Konqda yaşayan və bəzən aqressiv davranan makakalar arasında yayılıb. İnsana əsasən dişləmə və ya tüpürcək yolu ilə keçir. İnkubasiya dövrü təxminən bir ay çəkir, ilkin simptomlar isə qripə bənzər – qızdırma, əzələ ağrıları, yorğunluq və baş ağrısıdır.
Herpes B virusunun ölüm nisbəti 80%-ə qədər yüksəkdir, lakin insanlarda yoluxma halları olduqca nadir qeydə alınır.