Bakı. Trend:
Səudiyyə Ərəbistanının səhranın ortasında inşa etməyi planlaşdırdığı futuristik göydələn-şəhər "The Line" layihəsi xərclərin sürətlə artması səbəbindən ciddi çətinliklərlə üzləşib.
Trend xəbər verir ki, layihənin tamamlanmasının 2080-ci ilə qədər uzanacağı və ümumi xərclərin 8,8 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu məbləğ krallığın illik büdcəsindən 25 dəfə çoxdur.
Daha da maraqlısı odur ki, mətbuata sızan audit hesabatında bəzi rəsmilərin şişirdilmiş xərcləri gizlətmək üçün rəqəmləri saxtalaşdırmağa çalışdığı iddia edilir.
İlkin plana əsasən, 160 kilometr uzunluğunda olması nəzərdə tutulan göydələnin reallaşması qeyri-mümkün görünür. Artıq 2034-cü ilə qədər tikilməsi planlaşdırılan ilk seksiyanın uzunluğu 16 kilometrdən 2,4 kilometrə qədər azaldılıb.
Bununla yanaşı, layihənin xərclərini azaltmaq məqsədilə göydələnin hündürlüyünü endirmək tövsiyəsi Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Al Səud tərəfindən sərt etirazla qarşılanıb.
