Bakı. Trend:
Böyük Britaniyanın leyborist hökuməti büdcə vəsaitlərinə qənaət məqsədilə Brexit ticarət sistemi layihəsini bağlamağın mümkünlüyünü nəzərdən keçirir.
Trend xəbər verir ki, bu haqda “Politico” öz mənbələrinə istinadən yazır.
2020-ci ilin dekabrında mühafizəkarların formalaşdırdığı nazirlər kabineti tərəfindən başladılan və artıq 180 milyon funt sterlinqdən çox sərmayə qoyulan proqram xarici ticarət tərəfdaşları ilə "vahid ticarət pəncərəsi" yaratmaq və əməkdaşlığı “radikal şəkildə sadələşdirmək” məqsədini daşıyırdı.
Plana əsasən, bu sistem Böyük Britaniya idxalçıları və ixracatçılarının bütün sənədləri vahid rəqəmsal məkanda təqdim etməsinə imkan yaradaraq, həm vaxt, həm də maliyyə xərclərinə qənaət etməyə vəsilə olacaqdı.
Lakin bir sıra gecikmələrdən sonra layihənin yenilənmiş qiymətləndirilməsinə görə ümumi dəyəri 330 milyon funt sterlinqə (427 milyon dollar) çatacağı məlum olub və buna baxmayaraq, sistem hələ də tam reallaşdırılmayıb.