Bakı. Trend:
Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
Trend Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Pilot katapult edib və axtarış-xilasetmə qrupu tərəfindən aşkar olunub. Hərbi qurum əlavə edib ki, pilotun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
“Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə insanların olmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yollanıb.
Zirehli hücum təyyarəsi olan Su-25 “Qraç” döyüş sahəsində hədəfi görmə zonasında quru qoşunlarına birbaşa dəstək vermək, həmçinin, təyin olunmuş koordinatlara malik hərəkət edən və etməyən yerüstü və azsürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Təyyarənin ekipajı bir nəfərdən ibarətdir.