Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı (TDT) bu gün Tacikistanın Xucənd şəhərində keçirilən Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçılarının Üçtərəfli Zirvə görüşünün uğurla başa çatmasından, bu ölkələrin dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında Sazişin imzalanmasından məmnunluğunu ifadə edir. Bu tarixi Zirvə görüşü regional əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiyada sabitliyin və rifahın təşviq olunması baxımından mühüm dönüş nöqtəsinin başlanğıcıdır.
Trend xəbər verir ki, bu fikirlə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin Qırğızıstan, Özbəkistan və Tacikistan dövlət başçılarının birinci Üçtərəfli Zirvə görüşünün nəticələrinə dair bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilib ki, Qırğızıstan, Özbəkistan və Tacikistan respublikalarının dövlət sərhədlərinin birləşdiyi məkanda tarixi Sazişin imzalanması və orada rəmzi stelanın açılması liderlərin açıq dialoq və konstruktiv əməkdaşlıq mövzusunda nümayiş etdirdikləri qətiyyətin rəmzidir. Bu addımlar mürəkkəb məsələlərin diplomatiya və qarşılıqlı anlaşma yolu ilə həlli baxımından mühüm nümunədir.
Baş katib üç qardaş ölkənin regional tərəfdaşlığı dərinləşdirmək, ortaq sülh, təhlükəsizlik və iqtisadi inkişafı təşviq etmək istiqamətində göstərdiyi bu əzmkarlığı yüksək qiymətləndirib, TDT-nin Türk dövlətləri ilə qonşu ölkələr arasında birliyi və əməkdaşlığı gücləndirən təşəbbüsləri dəstəkləməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb.