Bakı. Trend:
Almaniyanın Reynland-Pfalts əyalətinin Vestervald bölgəsindəki bir evdə üç meyit aşkar edilib.
Trend "Bild" qəzetinə istinadla xəbər verir ki, polis, həmin şəxslərin qətlə yetirildiyini və cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin axtarıldığını bildirib.
Hadisə ilə əlaqədar olaraq, əhali üçün hər hansı bir təhlükənin olmadığı bildirilsə də, Vaytefeld icmasının sakinlərinə evdə qalmaları, bayıra çıxmamaları və yol kənarlarında tanımadıqları şəxsləri avtomobilə mindirməmələri barədə xəbərdarlıq edilib.
Cinayətin səbəbləri və təfərrüatları araşdırılır, ölənlərin şəxsiyyətləri isə hələlik açıqlanmayıb. Hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib və təxminən 2200 nəfər əhalisi olan icmanın ərazisinə daxil olmaq və ya oradan çıxmaq istəyən avtomobillər yoxlanılır.