Bakı.Trend:
Belçikanın paytaxtı Brüsseldə Birləşmiş Ştatların dövlət katibi Marko Rubionun mühafizəçisi ilə yerli polis əməkdaşlarından biri arasında əlbəyaxa dava düşüb.
Trend xəbər verir ki, bu barədə “Washington Examiner” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Diplomatik Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 31-də NATO xarici işlər nazirlərinin toplantısına hazırlıqlar zamanı “Amigo” hotelinə gedib. Adı açıqlanmayan jurnalistin iddiasına görə, mühafizəçilərdən biri barın bağlı olmasına görə özündən çıxıb və onun əməkdaşlarına hücum çəkib. Daha sonra isə o, hadisə yerinə gələn polis əməkdaşı ilə əlbəyaxa olub.
Qəzetin yazdığına görə, mühafizə xidmətinin əməkdaşı əvvəl saxlanılsa da, sonrada Amerika Səfirliyinin məsələyə qarışmasından sonra sərbəst buraxılıb. Dövlət Departamenti faktı təsdiqləyərək, insidentdən xəbərlərinin olduğunu və onu araşdırdıqlarını bildirib.