Bakı. Trend:
Aprelin 9-dan etibarən ABŞ Çindən idxal olunan məhsullara 104 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə "Fox Business" telekanalının jurnalisti Edvard Lourens Ağ evə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ağ evin mətbuat katibi əlavə tariflərin Şərq sahili vaxtı ilə günorta saatlarında (Bakı vaxtı ilə saat 20:00) qüvvəyə mindiyini bildirib. Səbəb kimi isə Çinin cavab tariflərini aradan qaldırmaqdan imtina etməsi göstərilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl xəbərdarlıq edərək, Pekin ABŞ tariflərinə qarşı cavab tədbirlərindən imtina etmədiyi halda, aprelin 9-dan Çindən idxal edilən mallara əlavə 50 faizlik rüsum tətbiq olunacağını bildirmişdi.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gətirilən məhsullara tariflərin tətbiq ediləcəyini açıqlamışdı. Çin üçün bu tariflər 34 faiz səviyyəsində müəyyən edilib. Cavab olaraq Pekin də aprelin 10-dan etibarən ABŞ-dən idxal olunan bütün məhsullara 34 faizlik əlavə gömrük rüsumu tətbiq edəcəyini bəyan edib.